Avropanın avtomobil nəhəngində böhran: "Volkswagen" zavodları yanvarda dayana bilər

15:22 - 23.10.2026


23 Oktyabr, Fineko/abc.az. Avropanın ən böyük avtomobil istehsalçısı "Volkswagen" (VW) konsernində rəhbərliklə həmkarlar ittifaqları arasında gərginlik pik həddə çatıb. Şirkət işçilərini təmsil edən "IG Metall" həmkarlar ittifaqı rəhbərliyin əməkhaqqı və kollektiv müqavilələri ləğv etmək qərarını oktyabrın sonunadək geri çəkməyəcəyi təqdirdə, yanvarın 1-dən etibarən kütləvi tətillərə başlanacağını bəyan edib.

"IG Metall"ın baş danışıqçısı Torsten Qröger bildirib ki, şirkət rəhbərliyi zərər və xərcləri işçilərin üzərinə yıxmağa çalışır. İttifaq avtomobil konsernindən ləğv edilmiş müqavilələrin dərhal bərpa olunmasını və növbəti mərhələ üçün əməkhaqqının 5% artırılmasını tələb edir. İki tərəf arasında işçilərin tətil etməsini qadağan edən mövcud sülh sazişinin müddəti 2026-cı ilin dekabrın 31-də başa çatır.

Xatırladaq ki, "Volkswagen" rəhbərliyi xərcləri azaltmaq və Çin istehsalçılarının Avropa bazarındakı artan rəqabətinə cavab vermək məqsədilə Almaniyadakı bəzi zavodların bağlanmasını və minlərlə işçinin ixtisarını nəzərdə tutan sərt restrukturizasiya planı hazırlayıb.