İKT sahəsində 7 yeni dövlət standartı hazırlanacaq

16:56 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Azərbaycanda İKT sahəsində 7 yeni dövlət standartının layihəsi müzakirə edilib və aktual hesab edilən əlavə standartların hazırlanması qərara alınıb.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.

Qeyd olunub ki, qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) bazasında təsis edilmiş “İnformasiya-kommunikasiya texnologiyaları” üzrə Texniki Komitənin (AZSTAND/TK 05) növbəti iclasını keçirib. İclasda həmçinin Dövlət Təhlükəsizliyi Xidməti, RİNN yanında İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Texniki Universiteti, “AzInTelecom” MMC, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” və “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyası” İctimai Birliklərinin nümayəndələri iştirak ediblər.

Yeni dövlət standartları ilə yanaşı, iclasda AZSTAND/TK-05-in ISO/IEC JTC 1 İnformasiya texnologiyası standartlaşdırma üzrə beynəlxalq Texniki Komitədə milli “güzgü komitə” qismində fəaliyyət göstərməsi məsələsinə nəzər salınıb.

Sonda Texniki Komitənin fəaliyyətində iştirakla bağlı müraciətlər nəzərə alınaraq AZSTAND/TK 05-in tərkibinə yeni üzvlər qəbul olunub.