"Goldman Sachs"dan xəbərdarlıq: AI şokuna qarşı ən yaxşı qorunma vasitəsi Yapon yenidir

11:15 - 26.10.2026


26 Oktyabr, Fineko/abc.az. İnvestisiya bankı "Goldman Sachs" hesab edir ki, Yaponiyanın pul-kredit siyasətindəki dəyişikliklər yapon yenini süni intellekt sektorunda yarana biləcək böhrana qarşı ən effektiv sığorta vasitəsinə çevirir.

Bankın analitikləri qeyd edirlər ki, süni intellekt sahəsindəki sürətli inkişaf ABŞ fond bazarını və dolları daha həssas vəziyyətə salıb. Həm səhm qiymətlərinin, həm də istiqraz gəlirliliyinin eyni vaxtda aşağı düşdüyü bir ssenari yenin möhkəmlənməsi üçün ideal şərait yaradacaq.

Goldman qısamüddətli perspektivdə avroya qarşı yen almağı, uzunmüddətli perspektivdə isə USD/JPY cütlüyü üzrə qısa mövqelər tutmağı tövsiyə edir.

Bu arada, "Apollo Global Management"in baş iqtisadçısı Torsten Slok bildirib ki, süni intellektə qoyulan nəhəng investisiyalar ABŞ-da "Möhtəşəm Yeddi"lik (Magnificent Seven) adlanan texnologiya nəhəngləri istisna olmaqla, digər şirkətlər üçün "sıfır gəlir"lə nəticələnib və ümumi əmək məhsuldarlığının artımına hələlik heç bir təsir göstərməyib.