9 ayda sosial ödənişlərə ayrılan vəsaitlər və reabilitasiya göstəriciləri açıqlanıb

11:16 - 27.10.2026


27 oktyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında 39,9 min nəfərə əlillik təyin edilib.

Bunlardan 16,3 min nəfərinə ilkin, 23,6 min nəfərinə isə təkrar əlillik təyinatı aparılıb.

Hesabat dövründə, həmçinin 115 min nəfər reabilitasiya xidmətləri ilə təmin olunub.

Eyni dövrdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 milyon 129 min şəxsə ümumilikdə 1 milyard 692 milyon manat müavinət və təqaüd ödənilib (951 milyon manat müavinətlər, 609 milyon manat Prezident təqaüdləri, 132 milyon manat sosial sığorta hesabına müavinətlər).

Bu ödənişlər illik müqayisədə müvafiq olaraq 10%, 11% və 4% artıb.

Bundan əlavə, pensiya ödənişlərinə ayrılan vəsait 10% artaraq 5 milyard 874 milyon manata çatıb və oktyabrın 1-nə ölkədə orta aylıq pensiya 596 manat təşkil edib.