Məşğul əhalinin 37 %-i aqrar sektorda çalışsa da, bu sahənin ÜDM-dəki payı 5,9 %-dir – Deputat

14:08 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Azərbaycanda aqrar sektorda çalışanların sayı çoxdur, amma yaratdıqları dəyər ölkə ortalamasından 3,4 dəfə azdır.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanda məşğul əhalinin 37 %-i aqrar sektorda çalışsa da, bu sahənin ümumi daxili məhsuldakı payı cəmi 5,9 %-dir: “2025-ci ildə aqrar sektorda 14,12 milyard manatlıq məhsul istehsal olunub. Müqayisə üçün qeyd edim ki, ölkə üzrə hər məşğul şəxsin yaratdığı orta dəyər 25 800 manat olduğu halda, aqrar sektorda bu göstərici 7 675 manat təşkil edir. Başqa sözlə, aqrar sektorda hər məşğul şəxsin yaratdığı dəyər ölkə üzrə orta göstəricidən təxminən 3,4 dəfə aşağıdır. Bu fərq aqrar sektorda məhsuldarlığın və yaradılan əlavə dəyərin artırılmasının vacibliyini göstərir.”

Deputat vurğulayıb ki, “Aqrar sahə haqqında” qanun layihəsi əvəzinə Aqrar Məcəllənin hazırlanması daha məqsədəuyğun olardı: “Nəzərə alsaq ki, hazırda dünyada qanunvericiliyin məcəllələşdirilməsi prosesi gedir və Azərbaycanda aqrar sahədə vahid məcəllənin hazırlanması daha məqsədəuyğun görünür. Üstəlik, yeni qanunun qəbulu ilə əlaqədar bir sıra mövcud qanunların ləğv edilməsi nəzərdə tutulursa, bu normaların vahid məcəllədə birləşdirilməsi daha sistemli yanaşma olardı”.

V.Bayramov deyib ki, hazırda ölkədə subsidiyaların verilməsində əsas meyarlardan biri müasir suvarma sistemlərindən istifadədir: “Eyni zamanda, qanunvericilikdə əkin sahələrinin konsolidasiyası da subsidiya mexanizmində nəzərə alınır. Məsələn, subsidiya strukturuna nəzər salsaq, dənli bitkilər, o cümlədən buğda və arpa yetişdirən təsərrüfatlara hər hektara 400 manat subsidiya ödənilir və bu zaman iki əmsaldan istifadə olunur”.