"eBay" işçilərinin 9%-ni ixtisar edəcək

09:43 - 22.10.2026


22 Oktyabr, Fineko/abc.az. ABŞ-ın elektron ticarət nəhəngi "eBay" əməliyyatları sadələşdirmək və resursları sürətlə böyüyən sahələrə yönəltmək məqsədilə işçi qüvvəsinin təxminən 9%-ni (1 000 nəfər) ixtisar edəcəyini açıqlayıb.

Şirkətin baş icraçı direktoru (CEO) Ceymi İannone daxili qeyddə qərarı əməkdaşlara çatdırıb. Keçən ilin sonunda 12,3 min işçisi olan "eBay" cari ilin fevral ayında da 800 nəfəri (6%) ixtisar etmişdi. Qeyd edək ki, qiymətli lüks məhsullar, kolleksiya əşyaları və bərpa olunmuş mallara diqqət yetirən şirkətin səhmləri ilin əvvəlindən bəri 40%-ə yaxın dəyər qazanıb.

İannone strategiyanın uğurla işlədiyini, lakin davamlı artım üçün sərmayələrin doğru istiqamətləndirilməsinin vacibliyini bildirib.