AQC Türkiyə və İtaliya şirkətləri ilə əməkdaşlığı genişləndirir

16:17 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. AQC-nin beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir: Türkiyə və İtaliya şirkətləri ilə mühüm görüşlər

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Türkiyə və İtaliyanın qiymətləndirmə ilə daşınmaz əmlak sektorlarında fəaliyyət göstərən aparıcı şirkətlərinin nümayəndə heyətlərini qəbul edib.

Cəmiyyətin ofisində təşkil olunan görüşlərdə Türkiyənin “Aden Değerleme” şirkətinin təsisçisi Erhan Saraç və baş direktorun müavini Sinan Doğuizi, eləcə də İtaliyanın “Levante & Co S.r.l.” şirkətinin rəhbəri Baldo Levante iştirak ediblər.

Görüşlər zamanı beynəlxalq qiymətləndirmə standartlarının Azərbaycanın qiymətləndirmə sektoruna inteqrasiyası, daşınmaz əmlakın, maşın və avadanlıqların dəyərləndirilməsi metodologiyaları və peşəkar təcrübə mübadiləsi geniş təhlil olunub. Türkiyə təmsilçiləri ilə investisiya layihələrinin iqtisadi əsaslandırılması, şəhərsalma və yenidənqurma layihələri üzrə məsləhət xidmətlərinin effektivliyi diqqət mərkəzində saxlanılıb.

İtaliyalı qonaqla aparılan müzakirələrdə isə memarlıq və tikintidə istifadə edilən mərmər və təbii daş materiallarının keyfiyyət göstəricilərinin binaların bazar dəyərinə bilavasitə təsiri və bu amillərin qiymətləndirmə prosesində nəzərə alınması imkanları nəzərdən keçirilib.

Yekunda tərəflər qarşılıqlı peşəkar əlaqələrin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin ardıcıl təşkili və gələcək birgə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.