11:48 - 20.10.2026
20 Oktyabr, Fineko/abc.az. Ötən bir il ərzində ölkədə elektrik şəbəkəsinin gücü 1 540 MVA artaraq 31 min 429,9 MVA-a çatıb.
Energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilən “Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına” adlı məqaləsində qeyd edib ki, cari ilin ilk 9 ayında istehsal edilən 21,2 milyard kilovat-saat elektrik enerjisində bərpaolunan mənbələrin payı 20 faizə yüksəlib.
Müqayisə üçün bildirilib ki, ötən il bu göstərici 13,4 faiz təşkil edirdi. Yaşıl enerji istehsalı sayəsində ilin 9 ayında 840 milyon kubmetr təbii qaza qənaət edilib.
Mühüm nəticələrdən biri də Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, aprelin 21-dən iyulun 2-dək Naxçıvanın elektrik enerjisinə olan tələbatı tam şəkildə bərpaolunan enerji mənbələri hesabına qarşılanıb. Ölkədə həyata keçirilən layihələr 2027-ci ilə qədər bərpaolunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payını 33,3 faizə çatdırmaq hədəfinə doğru ardıcıl irəliləyişi nümayiş etdirir.
Nazir vurğulayıb ki, ümumi gücü 2 giqavat olan 11 Günəş və külək elektrik stansiyasından 570 meqavat gücündə olan üçü artıq fəaliyyətdədir. 2026-cı ilin sonunadək 445 meqavatlıq “Biləsuvar” və 25 meqavatlıq “Şəms 1” Günəş elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır. Eyni zamanda, “Masdar” şirkəti tərəfindən 200 meqavatlıq külək elektrik stansiyası layihəsinin icrası davam etdirilir.
2027-ci ildə isə “Neftçala” (315 MVt), “Şəfəq” (240 MVt), “Şəms” (50 MVt), “Üfüq” (50 MVt) və “Qərbi Üfüq” (25 MVt) stansiyaları istifadəyə verilməyə hazır olacaq. Bu obyektlərdə illik 5 milyard kilovat-saat elektrik enerjisinin istehsalı hesabına 1,1 milyard kubmetrdən çox təbii qaza qənaət edilməsi və karbon emissiyalarının 2,4 milyon tonadək azaldılması nəzərdə tutulur.
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026