Hərbi çağırışda korrupsiya qarşı tədbirlər görülüb - 2 vəzifəli məsuliyyətə cəlb edilib

11:46 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti qurumlarla birgə hərbi çağırış sahəsində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə çərçivəsində kompleks tədbirlər həyata keçirib.

2026-cı ilin yanvarından etibarən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli və 121 digər şəxs barəsində araşdırmalar aparılıb, 4 əməliyyat-axtarış tədbiri nəticəsində cinayət işləri başlanıb.

Ümumilikdə 8 cinayət işinin ibtidai istintaqı aparılaraq, 8 şəxs barəsində olan 5 iş məhkəmələrə göndərilib, 3 iş üzrə isə istintaq davam etdirilir. İstintaq çərçivəsində təqsirləndirilən şəxslərə həbs, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə kimi qətimkan tədbirləri tətbiq olunub.

Araşdırmalar zamanı yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların xidmətə göndərilməsi və sonradan tərxis olunması, eləcə də SHXÇDX-nin yerli qurumlarında sənədləşmə nöqsanları müəyyən edilib. Bu nöqsanların aradan qaldırılması üçün SHXÇDX, Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti qurumlara 32 təqdimat göndərilib.

Görülmüş tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 15 vəzifəli və 1 fiziki şəxsə xəbərdarlıq edilib.

Həmçinin 9 çağırışçı barəsində keçirilən məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən 1 nəfər xidmətə yararlı sayılıb, 2 nəfərə möhlət hüququ verilib, digərləri üzrə isə proses davam edir. Şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin qətiyyətlə davam etdiriləcəyi bildirilib.