Bank sektorundakı qazancın 72%-i 3 bankın payına düşür

14:45 - 27.10.2026


27 oktyabr, Fineko/abc.az. Azərbaycan bank sektorunun 2026-cı ilin ilk 9 ayına olan maliyyə mənzərəsi bazarda mənfəətin kəskin dərəcədə bir neçə iri oyunçunun əlində toplandığını ortaya qoyur.

Yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 21 bankın əldə etdiyi ümumi 1 milyard 81,8 milyon manatlıq xalis mənfəətin tam 783,2 milyon manatı (72,4%-i) cəmi üç nəhəngin – ABB, Kapital Bank və Paşa Bankın payına düşüb.

Siyahıda yer alan qalan 18 bankın toplam qazancı isə cəmi 298,6 milyon manatda qalıb. Bu o deməkdir ki, sektorun üç lideri digər 18 bankı mənfəət artımında 2,6 dəfə qabaqlayıb.

Bazarın mənfəət zirvəsində dominantlıq edən ABB 352,4 milyon manatlıq göstərici ilə birinci, Kapital Bank isə 297 milyon manatla ikinci sıranı tutub.

Təkcə bu iki bankın birgə qazancı (649,4 milyon manat) bütün bank sektorunun ümumi mənfəətinin 60%-ni təşkil etməklə qalan 19 bankın toplam nəticəsini 217 milyon manat (50,2%) üstələyir.

Üçüncü pillədə qərarlaşan Paşa Bankın (133,8 milyon manat) ardınca gələn Bank Respublika (50,3 milyon manat) və AccessBank (45,2 milyon manat) ilə ilk beşlik tamamlanır.

Beləliklə, ilk 5 bank sektor üzrə mənfəətin 81,2%-ni (878,7 milyon manat) öz əlində cəmləşdirərək geridə qalan 16 bankı 4,3 dəfə geridə qoyur.