"Intel" rəhbəri xəbərdarlıq etdi: Çin süni intellekt modelləri inanılmaz sürətlə bazar zabt edir

15:57 - 12.10.2026


12 Oktyabr, Fineko/abc.az. ABŞ-ın yarımkeçirici giqantlarından olan "Intel" şirkətinin icraçı direktoru Lip-Bu Tan Sinqapurda keçirilən panel müzakirəsində Çinin aparıcı süni intellekt (AI) modellərinin (DeepSeek, Kimi, GLM) istifadə xərclərinin ("token" xərclərinin) daha aşağı olduğunu və bazarda tətbiqinin "çox sürətlə" həyata keçirildiyini bildirib.

Tan qeyd edib ki, Çin startaplarının açıq kodlu (open-source) modellərinin məhsuldarlığı artıq müxtəlif biznes sahələri üçün "kifayət qədər yaxşıdır".

"Intel" rəhbəri vurğulayıb ki, effektivliyi artırmağın en yaxşı yolu açıq kodlu modellərdir və hansı modelin daha faydalı olacağına bazar özü qərar verəcək. O, həmçinin kvant hesablamalarının gələcək 3-5 il ərzində kütləviləşəcəyini proqnozlaşdırıb.