Dələduzluq edən şəxs 57 min manatlıq ziyanı ödədi, azadlığa buraxıldı

11:26 - 27.10.2026


27 oktyabr, Fineko/abc.az. Bakı Apellyasiya Məhkəməsi 57 600 manatlıq dələduzluqda təqsirləndirilən şəxs barəsində diqqətçəkən qərar qəbul edib.

İşin hallarına görə, həmin şəxs yaxın münasibətdə olduğu qadının etibarından sui-istifadə edərək onun qızıl-zinət əşyalarını girov qoymaq adı ilə ələ keçirib və üç nəfərə böyük məbləğdə maddi ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Müdafiə tərəfinin apellyasiya şikayətinə baxılarkən məhkumun zərərçəkənlərə dəymiş ziyanı tam ödədiyi və taraflar arasında notariat qaydasında təsdiqlənmiş barışığın əldə olunduğu nəzərə alınıb.

Bakı Apellyasiya Məhkəməsi vurulmuş ziyanın könüllü ödənilməsini, şəxsin əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olmasını və sosial ədalətin bərpası prinsiplərini əsas gətirərək cəzanı şərti tətbiq edib.

Qərara əsasən, şəxsə 2 il sınaq müddəti müəyyən olunub və həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə zalından dərhal azadlığa buraxılıb.