Bulvarda milyonluq mənimsəmə skandalı: Məhkəmədə şok ifadələr səslənib

14:26 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Nəzarətçi işləmiş şahid Sərdar Səlimov ifadəsində əməkhaqqını rəsmi deyil, nağd şəkildə 400 manat aldığını və məhkəmədə gündəlik dayanacaqdan 80-100 manat yığıldığını bildirsə də, istintaqdakı gündəlik 1000 manatdan çox pul yığılması ilə bağlı ifadəsini təsdiqləməyib.

Digər şahid Azər Bəkirov kafelərdən birində nəzarətçi işləyərək 600 manat maaşı nağd aldığını və adlarına VÖEN açıldığını deyib.

Restoran işlədən şahid Turxan Əlizadə isə xidmət göstərdikləri müddətdə ödənişin yarısını rəsmi, qalan hissəsini — ayda 7-8 min manat nağd şəkildə Fuad Babayeva verdiklərini və bu məsələlərin İlqar Mustafayev tərəfindən həll edildiyini diqqətə çatdırıb.

Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində İlqar Mustafayev və digər təqsirləndirilən şəxslər idarənin ərazisindəki obyektlərin icarəsi və gəmi gəzintilərindən əldə olunan 12 milyon manatdan artıq pulu mənimsəməkdə, həmçinin vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş 10 milyon manatdan çox vəsaiti leqallaşdırmaqda ittiham olunurlar.

İş üzrə ziyanın ödənilməsini təmin etmək üçün 11 milyon manatdan artıq dəyəri olan əmlak üzərinə həbs qoyulub, növbəti məhkəmə baxışı oktyabrın 21-nə təyin edilib.