Ani Ödənişlər Sistemi ilə aparılan gündəlik əməliyyat sayı 1 milyonu ötüb

12:18 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi (AÖS) ilə aparılan gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb.

Bu barədə AMB məlumat yayıb.

Qeyd edilib ki, yanvar-sentyabrda AÖS vasitəsilə 8,84 milyard manatlıq 102,15 milyon əməliyyat reallaşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyə 5,7 dəfə, əməliyyatların sayı isə 25,1 dəfə artıb.

AÖS vasitəsilə 24/7 rejimində real vaxtda həyata keçirilən ödənişlər maliyyə subyektləri və ödəniş xidməti təchizatçıları üçün vəsaitlərin çevik idarə olunmasını təmin edir. Sistemin təqdim etdiyi imkanlar və həllər ölkədə ödəniş ekosisteminin genişlənməsinə və yeni rəqəmsal ödəniş həllərinin yaranmasına zəmin yaradır.