SOCAR İtaliyada yanacaq qiymətlərinin bahalaşmaması üçün güzəştlər tətbiq edir

11:25 - 13.10.2026


13 oktyabr, Fineko/abc.az. SOCAR İtaliya bazarında benzin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artımını məhdudlaşdırmaq məqsədilə həyata keçirdiyi tədbirlərin detallarını açıqlayıb.

Şirkətin sentyabrın 27-də qəbul etdiyi qərara əsasən, yeni mexanizm ilkin olaraq “IP” (Italiana Petroli) brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsində tətbiq edilir, daha sonra isə “Esso” brendi və digər tərəfdaş operatorların şəbəkələrinə genişləndirilir.

Bu addım İtaliya hökumətinin qlobal qeyri-sabitlik və 6 aydan artıq davam edən yüksək yanacaq qiymətləri fonunda əhalini və biznes subyektlərini dəstəkləmək çağırışına cavab olaraq atılıb.

Bununla yanaşı, SOCAR ölkə üçün strateji əhəmiyyət kəsb edən kənd təsərrüfatı və mühərrikli balıqçılıq sektorlarına dəstək məqsədilə oktyabrın 5-dən 31-dək (müddətin uzadılması imkanı ilə) yanacaq qiymətlərinə əhəmiyyətli endirimlər tətbiq etməyə başlayıb.

Xatırladaq ki, SOCAR cari ilin yazında İtaliyanın 4 500 YDM-ə, 2 neftayırma zavoduna və böyük logistika sisteminə sahib ən iri özəl operatoru olan “IP” şirkətinin 99,82 %-lik səhm paketinin satın alınması prosedurunu yekunlaşdırıb.