ABŞ-da Donald Trampı "Truth Social" tətbiqinə görə məhkəməyə veriblər

07:00 - 13.08.2026


13 avqust, Fineko/abc.az. "The Intercept Media" xəbər portalı və "Freedom of the Press Foundation" mətbuat azadlığı fondu ABŞ Prezidenti Donald Tramp və Ağ Ev rəsmilərinə qarşı Nyu-York Cənub Bölgə Məhkəməsində iddia qaldırıblar.

İddiaya səbəb "Trump Media & Technology Group" şirkətinin "Truth Social" şəbəkəsindəki paylaşım və bəyanatlara operativ çıxış hüququnu satmaq cəhdidir.

İddia ərizəsində rəsmi dövlət elanlarının, hərbi əməliyyatlar və kadr təyinatları barədə məlumatların yalnız əsas səhmdarı Tramp olan ödənişli platforma vasitəsilə təqdim edilməsinin konstitusiyaya zidd olduğu bildirilir. Şirkət "Truth API" xidməti çərçivəsində bazarlara təsir edə biləcək mesajlara ilkin çıxış üçün istifadəçilərdən aylıq 100 min dollara qədər haqq tələb edir.

İddiaçılar bu sistemin mətbuatın informasiyaya bərabər çıxış hüququnu pozduğunu vurğulayaraq, tətbiqin dayandırılmasını tələb edirlər.