Azərbaycanda nəqliyyat infrastrukturunun modernləşdirilməsinə milyonlarla dollar kredit ayrılıb

14:59 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və şəhərdaxili mobilliyin inkişafı çərçivəsində "AZCON Holding"in tərkibinə daxil olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Bakı Metropoliteni" QSC-ni əhatə edən yeni layihələrin icrası davam edir.

Bu məqsədlə Asiya İnkişaf Bankı (ADB) tərəfindən Biləcəri–Yalama dəmir yolunda müasir sistemlərin quraşdırılması üçün 350 milyon, Bakı Metropolitenində isə siqnalizasiya sisteminin modernləşdirilməsi və rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kredit ayrılıb.

Həyata keçirilən layihələr ölkənin logistika potensialının genişləndirilməsinə, enerji səmərəliliyinin artırılmasına, qatarların sürətinin yüksəldilməsinə, eləcə də paytaxtda nəqliyyat sıxlığının azaldılaraq əhaliyə daha təhlükəsiz və səmərəli xidmətin göstərilməsinə xidmət edir.