"Airbnb" səhmləri 14% bahalaşaraq son 4 ilin maksimal həddinə çatıb

10:00 - 8.08.2026


8 avqust, Fineko/abc.az. Qısamüddətli mənzil kirayəsi platforması "Airbnb"in (ABNB.O) səhmləri illik gəlir proqnozunu artırmasından sonra 14% yüksələrək son 4 ilin ən yüksək səviyyəsinə çatmışdır. Şirkətin müsbət proqnozu Yaxın Şərqdəki münaqişənin qlobal turizm tələbatına mənfi təsiri ilə bağlı narahatlıqları azaldıb.

"Airbnb" ikinci rüb üzrə gəlirini 3,61 milyard dollar elan edərək ekspertlərin 3,57 milyard dollarlıq gözləntilərini üstələyib. Şirkətin maliyyə direktoru Elinor Merts Yaxın Şərqdəki gərginliyə baxmayaraq, qlobal miqyasda güclü tələbatın davam etdiyini bildirib.

Şirkət il üzrə gəlir artımı proqnozunu 15% civarına qaldırıb. Eyni zamanda, süni intellekt (AI) alətlərinin tətbiqi müştəri xidmətləri xərclərini hər sifariş üzrə 16% azaldıb. Şirkətin icraçı direktoru Brayan Çeski süni intellektin "Airbnb" üçün ən böyük üstünlüklərdən birinə çevrildiyini vurğulayıb.