Bu içki istehsalçısının mənfəəti 45% azalıb

10:07 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. “A+CO” ASC-nin 2025-ci ildə xalis mənfəəti 45% azalaraq 1.41 milyon manatdan 774.1 min manata düşüb. Mənfəətin azalmasına əsasən inzibati xərclərin 18.26 milyon manata (əvvəlki il: 9.81 mln manat) və maliyyə xərclərinin 4.84 milyon manata yüksəlməsi təsir edib.

Bu barədə şirkətin maliyyə hesabatında qeyd edilib. Şirkətin əsas fəaliyyət gəlirləri 14% artaraq 52.85 milyon manatdan 60.14 milyon manata çatmış, maya dəyərinin azalması hesabına ümumi mənfəəti isə 24.87 milyon manat təşkil etmişdir.

Hesabat dövründə ASC-nin cəmi aktivləri 97.45 milyon manatdan 79.50 milyon manata, cəmi öhdəlikləri isə 96.13 milyon manatdan 77.40 milyon manata qədər geriləyib. Bölüşdürülməmiş mənfəətin artması sayəsində cəmi kapital 1.33 milyon manatdan 2.10 milyon manata yüksəlib.

Xatırladaq ki, 1997-ci ildə nar şirəsi xammalının istehsalı ilə fəaliyyətə başlayan şirkət, 2006-cı ildən “A+CO” adı altında spirtli içkilərin (çaxır, araq, konyak) istehsalı və satışı üzrə fəaliyyətini davam etdirir. Cəmiyyətin təsisçisi 14 sentyabr 2023-cü il tarixindən etibarən Nabiyev Elbrus Ənvər oğludur və o, şirkətin səhmlərinin 100%-nə sahibdir.