Kolleclərin bəziləri universitetlərə birləşdiriləcək

16:16 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov "Ali təhsil haqqında" yeni qanun layihəsi çərçivəsində gözlənilən mühüm yenilikləri açıqlayıb.

O bildirib ki, kolleclərin öz profilinə uyğun ali təhsil müəssisələrinin tərkibinə daxil edilməsi, digər ehtiyac görülməyən kolleclərin isə ləğv olunması nəzərdə tutulur.

Pedaqoji Kollecin ADPU-ya inteqrasiyasını nümunə göstərən komitə sədri, eyni modelin Tibb Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti üzrə də tətbiq edilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb.

Həmçinin vurğulanıb ki, bu islahatların ana xəttini azərbaycanlı gənclərin aldığı təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və xaricdə təhsil alarkən və ya fəaliyyət göstərərkən əlavə maneələrlə karşılaşmamalarının təmin edilməsi təşkil edir.