TANAP ilə Türkiyəyə 40 milyard kubmetr Azərbaycan qazı nəql olunub

15:09 - 11.09.2026


11 sentyabr, Fineko/abc.az. İndiyədək neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib.

Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, bu müddətdə Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub, bunun 40 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) payına düşüb:

"Təkcə bu ilin 8 ayında Türkiyəyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7,5 milyard kubmetr, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub".