Dövlət istiqrazlarına tələb artdı, borclanma xərci ucuzlaşdı

17:29 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin Bakı Fond Birjasında keçirilən son hərracında 1080 günlük dövlət istiqrazları üzrə 53 milyon 40,2 min manatlıq yerləşdirmə həyata keçirilib.

Investorların marağı təklif olunan 200 milyon manatlıq həcmi üstələyərək 222,9 milyon manata çatsa da, buraxılışın dörddə biri yerləşdirilib.

Əvvəlki hərracla müqayisədə ortaçəkili qiymətin 99,3577 manata yüksəlməsi nəticəsində gəlirlilik 7,2420%-ə enib ki, bu da dövlət üçün borclanma xərcinin cüzi azaldığını, investorlar üçün isə eyni gəlir qarşılığında bir qədər çox vəsait yatırıldığını göstərir.

“PAŞA Kapital”ın anderrayterliyi ilə 2029-cu il oktyabrın 20-dək tədavüldə olacaq bu istiqrazlar daxili borclanma strategiyasının bir hissəsidir.

Xarici borcun daxili borcla əvəzlənməsi fonunda ölkənin ümumi dövlət borcunun 2026-cı ildə 27 milyard manata, 2030-cu ilin sonuna isə 34,5 milyard manata çatacağı proqnozlaşdırılır.