Azərbaycanda əhalinin 65%-i baza rəqəmsal bacarıqlarına malik olmalıdır - Dünya Bankı

10:56 - 18.02.2026


18 fevral, Fineko/abc.az. Dünya Bankı Azərbaycana rəqəmsal səriştə üzrə dövlət çərçivə sənədini hazırlamaqla rəqəmsal bacarıqların inkişafına yatırılan investisiyalar üçün vahid anlayışlar aparatı formalaşdırmağı tövsiyə edir.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının hazırladığı "Azərbaycan üçün rəqəmsal bacarıqların inkişafı üzrə Yol Xəritəsi"ndə məlumat verilib.

Sənəd milli rəqəmsal potensialın gücləndirilməsi və sürətlə inkişaf edən rəqəmsal cəmiyyətdə vətəndaşların tamhüquqlu iştirakının təmin edilməsi üçün strateji əsas formalaşdırır. Söhbət dövlət və özəl rəqəmsal xidmətlərə çıxış, əmək bazarında uğurlu fəaliyyət və ölkənin inklüziv rəqəmsal transformasiyasında iştirak üçün zəruri olan səriştələrin əhalidə formalaşdırılmasına yönəlmiş sistemli siyasətdən gedir.

Dünya Bankı dəqiq formalaşdırılmış və ölçülə bilən milli hədəfin zəruriliyini vurğulayır. "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası" çərçivəsində hədəf müəyyən edilib – əhalinin 65%-i baza rəqəmsal bacarıqlara malik olmalıdır. Bank qeyd edib ki, konkret göstəricinin və onun əldə edilməsi müddətinin olması resursları cəmləşdirməyə və tərəqqini sürətləndirməyə imkan verəcək.

"Azərbaycanın Rəqəmsal Bacarıqlarının Qiymətləndirilməsi 2023–2024" tədqiqatı Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) İKT bacarıqları göstəricilərinə və Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarında İKT üzrə müayinəsinin məlumatlarına əsaslanan ilk milli hesabat olub. Dünya Bankı dinamikanın müqayisəli monitorinqi üçün bu cür araşdırmaların mütəmadi olaraq aparılmasını tövsiyə edir. ©Report