11 ayda Azərbaycanın meyvə-tərəvəz ixracı 28 faiz artıb

10:32 - 30.12.2025


30 dekabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayını təqdim edib.

ABC.AZ xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

2025-ci ilin yanvar-noyabr aylarında yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard ABŞ dollarına bərabər olub.

Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 19,6 milyon ABŞ dolları və ya 52,4%, meyvə-tərəvəz 179,6 milyon ABŞ dolları və ya 28,6%, alüminium və onlardan hazırlanan məmulatlar 30,6 milyon ABŞ dolları və ya 16,8%, kimya sənayesi məhsulları 36,9 milyon ABŞ dolları və ya 13,9%, pambıq iplik 3,6 milyon ABŞ dolları və ya 13,3%, çay 177,6 min ABŞ dolları və ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500,2 min ABŞ dolları və ya 2% artıb.