Bahalaşan internet və dəyişməyən keyfiyyət: Azərbaycan region ölkələrindən geri qalır?

10:46 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Son günlər Azərbaycanda sabit genişzolaqlı internet tariflərinin növbəti dəfə artırılması ilə bağlı xəbərlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Provayderlər minimum paketin qiymətini 18 manatdan 25 manata qaldıraraq əvəzində sürəti 40 Mbit/s-dən 100 Mbit/s-yə yüksəltdiklərini bəyan edirlər.

Lakin istifadəçilərin böyük əksəriyyətini bir sual düşündürür:

Qiymət artsa da, vəd edilən sürət və keyfiyyət həqiqətən təmin olunacaqmı? Çünki əvvəlki qiymət artımları zamanı da bənzər vədlər verilsə də, xüsusilə pik saatlarda internetin kəsilməsi, elan edilən sürətlə real sürət arasındakı ciddi fərqlər və yüksək pikel (ping) problemləri aradan qaldırmadı.

Azərbaycanın internet bazarını region ölkələri ilə müqayisə etdikdə həm qiymət, həm də xidmət keyfiyyəti baxımından diqqətçəkən fərqlər ortaya çıxır. Azərbaycanda minimum aylıq ödəniş təxminən 25 AZN (14.7 USD) təşkil edir və kağız üzərində 100 Mbit/s sürət təklif olunur.

Lakin xüsusilə bəzi rayonlarda və köhnə binalarda altyapının texniki baxımdan bu yükü tam daşıya bilməməsi səbəbindən real sürət tez-tez elan olunandan aşağı düşür, alternativ provayder seçiminin məhdudluğu isə rəqabəti zəiflədir.

Türkiyədə isə fiber-optik internet paketlərinin aylıq orta qiyməti 250–350 TL (7–10 USD) civarındadır və Turkcell Superonline, Türk Telekom kimi özəl şirkətlərin rəqabəti sayəsində istifadəçilər daha aşağı qiymətə yüksək keyfiyyətli, kəsintisiz xidmət alırlar.

Gürcüstanda "Silknet" və "Magti" kimi özəl provayderlər arasında kəskin rəqabət şəraitində aylıq 30–40 GEL (11–15 USD) ödənişlə yüksək bağlantı sabitliyi və aşağı ping göstəriciləri təmin edilir. Ermənistanda da uzun illərdir formalaşmış özəl provayderlər vasitəsilə aylıq 4000–6000 AMD (10–15 USD) civarında sabit internet və müxtəlif tarif paketləri təklif olunur.

Bu mənzərə göstərir ki, əsas problem təkcə qiymətdə deyil, həm də alternativ paket seçiminin ləğv edilməsində və rəqabət mühitinin zəifliyindədir.

Azərbaycanda istifadəçilər üçün ucuz paket imkanı aradan qalxıb, bazarın əsasən dövlət provayderlərinin nəzarətində olması isə xidmət keyfiyyətini artırmağa stimul yaratmır.

Region ölkələri ilə müqayisə sübut edir ki, Azərbaycanda tələb olunan minimum məbləğ əhalinin alıcılıq qabiliyyətinə nisbətdə yüksəkdir.

Qiymət artımının özünü doğrultmasının tək yolu kağız üzərindəki meqabitləri deyil, evlərə daxil olan real və kəsintisiz interneti təmin etməkdir, əks halda, istehlakçılar daha çox ödəyib eyni keyfiyyətsiz xidmətlə qarşı-qarşıya qalacaqlar.

Müəllif: Elmir Muradov